"Amerikanın Səsi"nin qərargahı ABŞ-də satışa çıxarıldı

ABŞ Prezidenti Donald Trampın administrasiyası Vaşinqtonda “Amerikanın səsi” radiostansiyasının baş qərargahının yerləşdiyi binanı satışa çıxarıb.
Redaktor.az bu barədə "Bloomberg"ə istinadla xəbər verir.
Agentlik bildirir ki, Kapitolidən iki məhəllə aralıda yerləşən bina, satış üçün federal mülkiyyət siyahısına salınıb.
Məqalədə qeyd edilir ki, radiostansiyanın maliyyələşdirilməsi bərpa olunsa belə, binanın satışı "Amerikanın Səsi"nin əməkdaşlarını iş yerindən məhrum edə bilər.
Mayın 9-da USAGM-in baş məsləhətçisi Keri Leyk Amerikanın Səsinin fəaliyyətini bərpa edəcəyini, lakin "One America News Network" (OAN) kanalından məzmun yayımlayacağını bildirib. Leyk bildirib ki, büdcə puluna qənaət etmək üçün OAN stansiyanı xəbər lenti, məzmunu və texnologiyası ilə təmin edəcək. OAN-ın Trampın siyasətini dəstəklədiyi məlumdur.
Mayın 3-də ABŞ Ədliyyə Nazirliyinin "Amerikanın Səsi"nin 1400-ə yaxın əməkdaşının geri qayıtmasına razılıq verdiyi bildirilir. Bununla belə, ABŞ-nin apellyasiya məhkəməsi tezliklə federal hakimin Tramp administrasiyasına stansiyanın işçilərini işə bərpa etməyi əmr edən qərarını ləğv edib.
Xatırladaq ki, martın 14-də Tramp bir neçə agentliyin funksiyalarını və bəzi KİV-lərə hökumətin maliyyəsini kəsən sərəncam imzalayıb. "Amerikanın Səsi"nə nəzarət edən USAGM də məhdudiyyətlərə məruz qalıb.
Turan İSMAYIL