Elm dünyasını silkələyən görüntülər: Zəlzələ anında yer belə parçalanır - VİDEO

 11:40 17.05.2025     109

Bir dəmir qapının titrəməsi, bir beton yolun sürüşməsi… Myanmadakı zəlzələ zamanı qeydə alınan bu şokedici görüntü sismoloqlar üçün bənzərsiz hesab olunur.

Redaktor.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 28 mart tarixində Myanmada baş verən 7,7 bal gücündə zəlzələ təkcə bölgədəki dağıdıcı təsirləri ilə deyil, elm dünyasını həyəcanlandıran görüntülərlə də gündəmə gəlib. Episentri Mandalay şəhəri yaxınlığında yerləşən zəlzələ nəticəsində 3.600-dən çox insan həyatını itirib, minlərlə insan isə xəsarət alıb. Zəlzələ Tailandın paytaxtı Banqkoka qədər geniş bir ərazidə hiss olunub.

Lakin bu faciənin içində sismoloqların diqqətini çəkən tarixi bir görüntü də lentə alınıb: yer səthinin ani şəkildə parçalanmasını göstərən ilk aydın görüntülər…

Zəlzələ zamanı çəkilmiş və sosial şəbəkələrdə viral olmuş videoda bir mülkün dəmir qapısının şiddətlə titrədiyi, arxa planda isə beton yolun qəfil üfüqi istiqamətdə sürüşdüyü müşahidə olunur. Videonun səkkizinci saniyəsində metal qapının sürətlə açılması, rabitə qülləsinin əyilməsi və torpaq sahəsinin yerini dəyişməsi tektonik hərəkətlərin dağıdıcı gücünü açıq şəkildə nümayiş etdirir. Sinqapurlu mühəndis Htin Aunq tərəfindən "Facebook"da paylaşılan və "2025 Sagaing Earthquake Archive” kanalında "YouTube"a yerləşdirilən bu görüntü "bir qırılma xəttinin hərəkətinin qeydə alındığı məlum olan ilk və yeganə nümunə” kimi təqdim olunur. Kadrlarda Myanmardakı "Thapyawa Günəş Enerji Təsərrüfatı" ərazisi əks olunub.

Myanmar Saqayin qırılma xətti üzərində yerləşir. Bu qırılma xətti Burma və Sunda tektonik plitələrinin sərhədində uzanaraq ölkəni şimal-cənub istiqamətində iki yerə ayıran bir xətdir. Bu o deməkdir ki, plitələr bir-birinə çırpılmaq əvəzinə, üfüqi istiqamətdə sürüşərək enerji boşalmasına səbəb olur. Məhz bu sürüşmə videoda aydın şəkildə izlənilə bilir: sağdakı torpaq bloku, soldakı ilə müqayisədə qəfil hərəkətlə yer dəyişir.

Kolorado Dövlət Universitetindən geofizik Rik Aster "Live Science" nəşrinə verdiyi açıqlamada bildirib: "Bu qədər böyük bir zəlzələnin səth yırtılmasını bu qədər aydın göstərən başqa bir video tanımıram".

Asterin fikrincə, bu görüntü seysmoloqlar üçün bənzərsiz bir məlumat mənbəyidir və ehtimal ki, akademik tədqiqatlara əsas olacaq. Xüsusilə qırılma xətlərinin dinamikasını anlamaq və zəlzələ modellərini inkişaf etdirmək baxımından kritik əhəmiyyət daşıyır.

Tektonik plitələr ildə sadəcə bir neçə santimetr hərəkət edir. Lakin bu yavaş sürüşmə zamanı plitələr sıxıldıqda nəhəng enerji toplanır. Zəlzələlər, məhz bu enerjinin qəfil boşalması nəticəsində baş verir. Səthdə müşahidə olunan parçalanmalar isə adətən çox dayaz zəlzələlərdə və ya xüsusi geoloji şəraitlərdə mümkündür. Myanmardakı zəlzələnin həm böyüklüyü, həm də fay tipi bu nadir görüntünün ortaya çıxmasına şərait yaradıb.

Bu cür görüntülər yalnız elmi tədqiqatlara deyil, cəmiyyətin zəlzələ reallığını daha konkret anlamasına da töhfə verir. Xüsusilə Saqayin qırılma xətti kimi aktiv zolaqlara yaxın yaşayan insanlar üçün bu görüntülərin yaratdığı fərqindəlik, fəlakətlərə hazırlıq mövzusunda xəbərdarlıq xarakteri daşıyır. Eyni zamanda enerji stansiyaları və digər kritik infrastruktur layihələrinin qırılma xətlərindən uzaq dizayn edilməsinin vacibliyini bir daha xatırladır.

Myanmar zəlzələsi təbiətin gücünü və elmin sərhədlərini sorğuladan bir hadisə kimi tarixə keçib. Lakin cavablandırdığı suallar qədər, yeni araşdırma sahələrinin də qapısını açıb: qırılma xətlərindəki parçalanma prosesləri necə daha yaxşı modelləşdirilə bilər? Gələcəkdə bənzər görüntülər erkən xəbərdarlıq sistemlərində istifadə oluna bilərmi? Elm dünyası bu sualların izinə düşüb…