Federasiya Şurası Putin və Trampın söhbətindən Avropanın şoka düşməsinin üç səbəbini açıqladı

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Avropa liderlərinin Rusiya prezidenti Vladimir Putin və ABŞ-nin Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından üç əsas səbəbə görə şoka düşdüyünü bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, öz Teleqram kanalında yazıb.
Puşkovun sözlərinə görə, Avropa mətbuatında xüsusən də The Financial Times nəşrində yer alan məlumatlar göstərir ki, Avropa liderləri Trampın Putinlə mümkün razılaşmalarına görə ciddi narahatlıq keçirirlər. Onların qorxusu Ukrayna məsələsində Trampın güzəştə gedə biləcəyi ehtimalı ilə bağlıdır.
Avropanın Putin və Trampın telefon danışığından şoka düşməsinin birinci səbəbi onların hələ də Rusiyanın strateji məğlubiyyətə uğraya biləcəyinə inanmasıdır. Donald Tramp isə bu yanaşmanı qeyri-real sayır və daha praqmatik mövqe tutur. Bu, Avropanın Ukrayna ilə bağlı sərt və dəyişməz mövqeyi ilə ziddiyyət təşkil edir.
İkinci səbəb Brüsselin Trampın müharibə düşərgəsinə keçəcəyinə ümid etməsidir. Avropa liderləri düşünürlər ki, əgər Tramp Rusiya ilə qarşıdurma yolunu seçsə, bu, anti-Rusiya cəbhəsinin yenidən qurulmasına səbəb olacaq. Lakin Trampın davranışı onların bu gözləntilərini doğrultmur.
Üçüncü səbəb isə Trampın Rusiyaya qarşı yeni “soyuq müharibə” formatında sərt qarşıdurma siyasətinə qarşı çıxmasıdır. Avropalı avroliberallar bu istiqamətdə addımlar atmağa hazır olduqları halda, Tramp ABŞ-ni bu cür təhlükəli və qeyri-müəyyən nəticələr doğura biləcək prosesə cəlb etmək istəmir. Bu da Avropa ilə ABŞ arasında yanaşma fərqini daha da dərinləşdirir.
Aytəkin TOFİQQIZI