"3+3" formatında növbəti görüşlər Bakı və İrəvanda keçirilsin - Lavrov

 14:27 21.05.2025     104

İrəvanda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov "3+3" adlı regional əməkdaşlıq platforması çərçivəsində növbəti nazirlər görüşlərinin Azərbaycanın və Ermənistanın paytaxtlarında keçirilməsini təklif edib.

Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, Rusiya XİN rəhbəri bu fikri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlardan sonra səsləndirib.

O bildirib ki, Azərbaycan və Ermənistan üçüncü forumun keçirilməsi barədə öz aralarında razılığa gələ bilərlər və Rusiya bu təşəbbüsün reallaşdırılmasına dəstək verməyə hazırdır.

Nazirin sözlərinə görə, Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Ermənistan, Gürcüstan) və regionun üç qonşusunun (Rusiya, İran, Türkiyə) daxil olduğu "3+3" formatı regionda sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından böyük potensiala malikdir.

"Biz istəyirik ki, növbəti iki tədbir Ermənistanın və Azərbaycanın paytaxtlarında baş tutsun", - deyə Lavrov vurğulayıb.

O, həmçinin bildirib ki, Rusiya bundan sonra da Bakı və İrəvan arasında tammiqyaslı sülhə nail olunması, sülh sazişinin imzalanması, iqtisadi və nəqliyyat kommunikasiyalarının hərtərəfli açılması, eləcə də dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesində tərəflərə dəstək göstərməyə hazırdır.

Lavrov qeyd edib ki, 2020-2022-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya arasında ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi üçün əsas baza rolunu oynayır.