Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə söhbətinin təfərrüatlarını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb.
“NATO-nun Baş katibi Mark Rutte ilə söhbətim oldu. Hazırkı vəziyyəti, birgə növbəti addımları və Rusiyaya təzyiq etmək zərurətini müzakirə etdik”, - o deyib.
Bundan əlavə, Zelenski Rutte ilə Kiyevin tərəfdaşları ilə təmaslarının təfərrüatlarını bölüşüb və ona Rusiya tərəfi ilə atəşkəslə bağlı danışıqları davam etdirmək üçün mümkün platformalar barədə məlumat verib.
O, həmçinin bildirib ki, NATO-nun Baş katibi ilə Rusiyaya təsir edə biləcək sanksiyalar barədə danışıb. Zelenskinin sözlərinə görə, bütün qərarların razılaşdırılması vacibdir, o zaman sanksiyalar işləyəcək.
“Moskvaya təzyiq olmadan ədalətli sülh əldə edilə bilməz. Bunu hamı başa düşür”, - Ukrayna lideri qeyd edib.
O əlavə edib ki, Rutte ilə Ukraynanın NATO ilə əməkdaşlığı və gələcək görüşlərə və təmaslara hazırlıq barədə ayrıca danışıb.