Almaniya kansleri Litvanı müdafiə etməyə hazır olduğunu elan etdi

 23:35 22.05.2025     64

Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Litvanın təhlükəsizliyi Almaniya üçün öz sərhədlərinin qorunması ilə eyni əhəmiyyətə malikdir.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Merzin fikrincə, bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən deyil, müttəfiqlərinin onu müdafiə etməyə məcbur olduğu yerdən başlayır. O vurğulayıb ki, Litvanın müdafiəsi birbaşa Almaniyanın təhlükəsizliyi ilə bağlıdır, ona görə də Vilnüsün müdafiəsi həm də Berlinin müdafiəsi deməkdir.

Həmçinin Litvada keçirilən görüşdə Merz bəyan edib ki, Ukraynada münaqişənin həlli prosesi  ilkin mərhələdədir və bu səylər aylarla davam edə bilər. Kansler vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında tezliklə atəşkəs əldə olunması ilə bağlı heç bir illüziyası yoxdur.

Bundan əvvəl "Bloomberg" Almaniyanın Rusiyanı cilovlamaq üçün Litvada tank briqadalarının sayını artıracağını yazmışdı. Nəşr bildirib ki, Almaniya 2027-ci ilin sonuna qədər briqadanın formalaşmasını başa çatdırmaq niyyətindədir və Litvada onun sayı təxminən 5 min nəfərə çatacaq.

Turan İSMAYIL