Merz Rusiya və ABŞ-nin qaz əlaqələrinin bərpa cəhdlərinə qarşıdır

 09:30 23.05.2025     109

Almaniya kansleri Fridrix Merz, Avropa İttifaqının “Şimal axını” qaz kəmərlərinə tətbiq etdiyi sanksiyaları fəal şəkildə dəstəkləyərək Rusiya və ABŞ arasında qaz sahəsində mümkün əməkdaşlığın qarşısını almağa çalışır.

Redaktor.az xəbər verir ki, "Financial Times" qəzeti bu məlumatı məsələ ilə tanış olan üç adsız mənbəyə istinadən yayıb.

Merz ABŞ və Rusiyanın qaz əlaqələrini yenidən qurmaq cəhdlərini dayandırmaq məqsədilə “Şimal axını” layihəsinə qarşı Aİ tərəfindən irəli sürülmüş qadağaları qətiyyətlə müdafiə edir. “Kansler bu qaz kəmərlərinin fəaliyyətinin mümkün bərpası ilə bağlı istənilən daxili müzakirələri də susdurmağa çalışır”, – mənbələr bildirir.

Qəzetə danışan şəxslərdən biri qeyd edib ki, Merz bu yolla “Şimal axını” layihəsinin taleyini “avropalaşdırmaq” istəyir. Mənbənin sözlərinə görə, kansler yalnız Moskva və Vaşinqton arasında potensial siyasi razılaşmalar fonunda qərar qəbul olunmasını istəmir və daha geniş avropalı tərəfdaşların prosesə cəlb edilməsini vacib sayır.

Aytəkin TOFİQQIZI