Tramp NATO sammitində Avropanı müdafiə xərclərini artırmağa çağıracaq

 23:49 23.05.2025     50

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansının Haaqada keçiriləcək sammitində  müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracaq.

Redaktor.az xəbər verir ki, bunu Vaşinqtonda yerləşən Atlantika Şurasında çıxışı zamanı ABŞ-nin NATO- dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

"Əsas mesaj maliyyə yükünün bölüşdürülməsi məsələsi olacaq. Prezident açıq şəkildə bildirdi ki, Avropa və Kanada müttəfiqləri müdafiə xərcləri baxımından ABŞ ilə eyni olmalıdır" - o bildirib.

Uitaker əlavə edib ki, Vaşinqton müdafiəyə təxminən 550 milyard dollar xərcləyir ki, bu da Avropa və Kanadadakı bütün müttəfiqlərin xərclədiyi məbləğdən təxminən iki dəfə çoxdur.

Qeyd edək ki, NATO sammiti 24-25 iyun tarixlərində Haaqada keçiriləcək.

Martın 7-də Tramp xəbərdarlıq edib ki, NATO ölkələri müdafiəyə öz ədalətli payını xərcləməsələr, ABŞ onları müdafiə etməyəcək. Amerika lideri andiçmə mərasimindən əvvəl bildirmişdi ki, o, alyansa üzv ölkələrin hərbi xərclərini ÜDM-nin 5%-ə çatdırmağa çalışmaq niyyətindədir.

Mayın 2-də NATO-nun baş katibi Mark Rutte alyansa üzv ölkələrin hərbi xərclərini ÜDM-in 3,5%-nə qədər artırmağı, sonra isə digər müdafiə layihələrinə əlavə 1,5% ayırmağı təklif edib.

Turan İSMAYIL