Ankarada meşəlik ərazilərə girişə qadağa QOYULDU

 15:54 26.05.2025     172

Ankara Valiliyi yay mövsümündə artan yanğın risklərinə qarşı yeni tədbirlər həyata keçirib.

Redaktor.az xəbər verir ki, qərara əsasən, 10 iyun – 30 sentyabr 2025 tarixləri arasında Ankara ərazisində yerləşən meşəlik sahələrə giriş qadağan olunub. Qadağa milli parklar, təbiət parkları və rəsmi şəkildə müəyyən olunmuş istirahət məkanlarına şamil edilmir.

Valilikdən verilən açıqlamada, son dövrlərdə meşə və piknik ərazilərində insan və nəqliyyat vasitələrinin sayının artdığı, eyni zamanda meteoroloji şəraitin də yanğın riski yaratdığı qeyd edilib. Bu səbəbdən, anız yandırılması, bağ və tarlaların təmizlənməsi zamanı atılan tullantıların yandırılması, enerji xətlərində baş verə biləcək qəzalar, diqqətsizlik və ya qəsdən törədilən yanğınların qarşısının alınması üçün əlavə tədbirlərin tətbiqinə qərar verilib.

Kənan YUSİF