ABŞ Şimali Avropanı Rusiyaya görə gücləndirmək istəyir

 09:31 27.05.2025     163

Şimali Atlantika Alyansının gələcəyi və Rusiya ilə ehtimal edilən müharibə təhlükəsi ilə bağlı artan narahatlıqlar fonunda ABŞ ordusu Avropanın şimal cəbhəsindəki hərbi mövcudluğunu artırır.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası NATO-nun daha “ölümcül” və döyüş qabiliyyətli olmasını istəyir. Alyansın Rusiya ilə iki cəbhədən üz-üzə qaldığı bir şəraitdə, Avropanın şimalı əsas strateji sınaq meydanına çevrilib.

Məqalədə qeyd olunur ki, Uzaq Şimal və Baltikyanı ölkələr ABŞ-nin hərbi planlaşdırmasının əsas mərkəzlərindəndir. Bu regionlardakı gəmiçilik marşrutları, ərazi nəzarəti və enerji resurslarına çıxış imkanları yeni geosiyasi münaqişə dövründə Qərb üçün həyati əhəmiyyət kəsb edir.

Üç həftəlik hərbi təlimlər çərçivəsində ABŞ və Böyük Britaniya qüvvələri, Şimali və Baltik ölkələrinin orduları ilə birlikdə canlı atəş təlimləri, pilotsuz uçuş aparatları vasitəsilə qan tədarükü, eləcə də Norveçdəki Arktika Dairəsi üzərində paraşütlə tullanmalar həyata keçiriblər. Bu tədbirlər mümkün müharibə ssenarilərinin praktiki məşqləri kimi qiymətləndirilir.

Qəzetin vurğuladığı kimi, təlimlərin iki əsas məqsədi var. Rusiya təcavüzünün qarşısını almaq və NATO-nun yeni üzvləri Finlandiya və İsveç də daxil olmaqla  Avropanın bu strateji bölgəsindəki müttəfiqləri daha sıx şəkildə inteqrasiya etmək.

Aytəkin TOFİQQIZI