ABŞ 55 dəqiqəyə transatlantik uçuşlar üçün təyyarə yaratdı

ABŞ-nin Texas ştatında yerləşən şirkət, Nyu-Yorkdan Parisə cəmi 55 dəqiqəyə uça biləcək hipersəs təyyarəsi hazırladığını elan edib.
Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.
Şirkətin “Stargazer” adlandırdığı bu hava nəqliyyatı vasitəsi gələcəkdə transatlantik səyahət anlayışını tamamilə dəyişdirməyi hədəfləyir.
Londonla Nyu-York arasındakı məsafə 5567 kilometr, Nyu-Yorkla Paris arasındakı məsafə isə 5833 kilometrdir. Venus Aerospace-in hazırladığı təyyarənin saatda 4939 kilometr sürətə (4 Mach) çata biləcəyi gözlənilir. Bu sürət səs sürətindən dörd dəfə çoxdur və məşhur Konkord təyyarəsinin sürətindən təxminən üç dəfə yüksəkdir. Konkord maksimum 2179 km/saat sürətlə uçurdu.
Təyyarənin əsas texnoloji yeniliyi onun fırlanan detonasiya mühərrikidir. Bu mühərrik sabit yanma yerinə dövri partlayışlardan istifadə edərək yüksək təkan təmin edir. Atmosfer sınaqları artıq Nyu-Meksikodakı kosmodromda uğurla həyata keçirilib.
Venus Aerospace “Stargazer” təyyarəsində bu mühərrikdən istifadə etməyi planlaşdırır və bu texnologiyanın hipersəs aviasiyasında inqilabi dönüş yaradacağına inanır.
Qeyd edək ki, hipersəs təyyarələri sahəsində digər layihələr də inkişaf etdirilir. ABŞ-də Hermeus şirkəti tərəfindən hazırlanmış Quarterhorse təyyarəsi ilk sınaq uçuşunu həyata keçirib. Bu layihə həm özəl investorlar, həm də ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası tərəfindən dəstəklənir.
Bundan başqa Stratolaunch şirkəti uzun illərdən sonra ilk dəfə olaraq Roc daşıyıcı təyyarəsindən Talon-A adlı hipersəs reentry vasitəsini uğurla buraxaraq sınaqdan keçirib.
Yeni nəsil hipersəs təyyarələrinin uğurla inkişaf etdirilməsi, gələcəkdə qitələrarası səyahət müddətlərini köklü şəkildə qısalda bilər.
Aytəkin TOFİQQIZI