Britaniya Arktikada qoşun yerləşdirmək istəyir

 11:58 29.05.2025     110

Böyük Britaniya Rusiyanın bölgədəki hərbi mövcudluğunu artırdığı üçün Arktikada daimi hərbi kontingentlər yerləşdirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

"Arktika sürətlə geosiyasi rəqabət sahəsinə və NATO-nun müdafiəsinin əsas cinahına çevrilir. Rusiya uzun illərdir ki, burada hərbi varlığını gücləndirir. Ona görə də Arktikada təhlükələrin qarşısını almaq üçün tədbirlər görməliyik", - Britaniyanın xarici işlər naziri Devid Lammi nəşrə deyib.

Qəzetin yazdığına görə, Arktikada qoşunların yerləşdirilməsi təklifi hökumət üçün ekspertlər qrupunun sifarişi ilə Böyük Britaniyanın təhlükəsizlik, müdafiə və xarici siyasətinin hərtərəfli icmalında yer alıb. Ehtimal olunur ki, Britaniya kontingenti Londonun fəal şəkildə hərbi əməkdaşlığı artırdığı Norveç ərazisinə yerləşdirilə bilər. Xüsusilə, mayın əvvəlində ölkələr iki krallığın donanmasının iştirakı ilə birgə hərbi təlimlər keçirib.

Bundan əvvəl Böyük Britaniya kralı III Çarlz bildirmişdi ki, Kanada da “yeni təhlükələrin yaranması” səbəbindən Arktikada hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır.

Aytəkin TOFİQQIZI