Əfqanıstanla Pakistan arasında döyüşlər BAŞLADI

Bəhramç (Hilmənd əyaləti) mübahisəli sərhəd bölgəsində Əfqanıstan ilə Pakistan ordusu arasında döyüşlər başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Al Arabiya” X sosial şəbəkəsində məlumat yayıb.
“Toqquşmalar sərhəddə yeni Pakistan nəzarət-buraxılış məntəqələrinin tikintisi fonunda baş verib”, - nəşr qeyd edib.
Hazırda sərhəd bütün nəqliyyat növləri üçün tamamilə bağlıdır.
Martın 8-də Pakistanın ədliyyə üzrə dövlət naziri Aqil Malik bildirib ki, terrorçular Əfqanıstanda qalan Amerika silahlarından Pakistanda cinayət törətmək üçün istifadə edirlər. Onun sözlərinə görə, terrorçular bu yaxınlarda Pakistanın qərbindəki Xayber Paxtunxva əyalətindəki hücumlarda bu silahlardan istifadə ediblər.
Yanvarın 21-də bildirildi ki, Taliban ABŞ-yə 7 milyard dollarlıq silah arsenalını qaytarmaqdan imtina edib. "Bloomberg"in Kabildəki mənbəsinə görə, Taliban rejimi ABŞ-dən İŞİD-ə qarşı mübarizə aparmaq üçün Amerika ordusunun Əfqanıstandan tələsik çıxarılması zamanı geridə qalanların əvəzində onlara daha müasir silahlar verməsini tələb edir. ABŞ Prezidenti Donald Tramp Talibanı Amerika arsenalını geri qaytarmağa çağırıb.
Turan İSMAYIL