Ağ Ev İsrailin Qəzzada atəşkəslə razılaşdığını TƏSDİQLƏDİ

 23:04 29.05.2025     105

İsrail Qəzzada ABŞ-nin təklif etdiyi 60 günlük atəşkəslə razılaşıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

"İsrail bu təkliflə HƏMAS-a göndərilməmişdən əvvəl razılaşdı", - o deyib.

Levitt əlavə edib ki, Fələstin HƏMAS hərəkatının Vaşinqtonun təklifini qəbul edib-etmədiyini bilmir.

Bundan bir qədər əvvəl Əl Ərəbiyyə telekanalı HƏMAS və İsrailin Qəzza zolağında 60 günlük atəşkəsə razılaşdığını bildirib.

“Times of Israel” qəzeti yazıb ki, ABŞ-nin Qəzza zolağında İsraillə Fələstinin Həmas hərəkatı arasında vəziyyəti nizamlamaq üçün yeni planı 60 günlük atəşkəs və 10 girovun azad edilməsini nəzərdə tutur. Bu plan həm də BMT tərəfindən anklav sakinlərinə humanitar yardımın çatdırılmasını bərpa etməyi nəzərdə tutur.

Mayın 18-də İsrail Müdafiə Qüvvələri (IDF) Gideonun arabaları əməliyyatı çərçivəsində Qəzza zolağında genişmiqyaslı quru əməliyyatlarına başlayıb. Ordunun məlumatına görə, bu hərəkətlər “Qəzzada yerləşən terror təşkilatlarına” qarşı yönəlib.

Turan İSMAYIL