ABŞ-də hökumətin 30 milyon dollarını mənimsəyən 14 erməni HƏBS EDİLDİ

"Fox News" telekanalı Los-Ancelesdə dələduzluq yolu ilə 30 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham olunan erməni cinayətkar dəstəsinin ifşa edilməsinin eksklüziv görüntülərini yayımlayıb.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, 14 erməni ABŞ hökumətinin ehtiyacı olanlara dəstək məqsədilə ayırdığı onmilyonlarla dolları mənimsəməyə cəhddə ittiham olunur.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) telekanala təqdim etdiyi kadrlarda şübhəlilərdən birinin - Uilyam Makqreyan təxəllüsü altında gizlənən kişinin saxlanılma anı qeydə alınıb. O, Los-Ancelesdəki evində həbs edilib.
"Müstəntiqlər Makqreyanı COVID-19 pandemiyası dövründə yardım və kiçik biznesə dəstək üçün nəzərdə tutulan təxminən 30 milyon dollar məbləğində vəsaiti mənimsəmiş transmilli cinayətkar şəbəkənin "beyni" hesab edirlər", - "Fox News"un müxbiri qeyd edib.
Məlumata görə, keçirilmiş əməliyyat nəticəsində əksəriyyəti artıq ABŞ vətəndaşlığı almış 14 nəfər saxlanılıb. Onlara qarşı sövdələşmə, bank köçürmələrində dələduzluq və pulların yuyulması ittihamları irəli sürülüb.
İstintaq müəyyən edib ki, cinayətkarlar saxta sənədlərdən istifadə edərək bir neçə saxta şirkət yaradıblar. Mənimsənilmiş vəsaitin bir hissəsi evlərin və lüks əşyaların alınmasına xərclənib, qalan vəsait isə Ermənistana köçürülüb ki, bu da onun izlənilməsini çətinləşdirib. Ümumilikdə, fırıldaqçılar federal büdcədən təxminən 47 milyon dollar istəyiblər və bu məbləğin 30 milyon dollara qədərini mənimsəyə biliblər.