Turist Çində Terrakota Ordusunun iki gil əsgərini zədələdi

 22:35 31.05.2025     210

Çinin şimal-qərbində yerləşən Şensi əyalətinin inzibati mərkəzi olan Sian şəhərində bir turist Terrakota Ordusunun iki qədim gil əsgər fiqurunu zədələyib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli iqtidar orqanları məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı kişi hasarı aşaraq imperator Sin Şihuandinin məqbərəsindəki əsgər fiqurlarına doğru 5,4 metrə qədər dərinliyi olan çuxura tullanıb. O, gil əsgərləri itələyib və toxunub, nəticədə onlardan ikisi zədələnib.

Polis onu saxlayıb. Sonradan məlum olub ki, kişi psixi xəstəlikdən əziyyət çəkir.

Qeyd edək ki, Terrakota Ordusu təxminən e.ə. 209-cu ildə Çinin ilk imperatorunun məqbərəsini bəzəmək üçün yaradılıb və təxminən 8 min fiqurdan ibarətdir.