Rəfahda humanitar yardım məntəqəsinə gedən onlarla fələstinli öldürüldü

 15:28 01.06.2025     186

İsrail hərbçilərinin Qəzza zolağında humanitar yardımın paylanılması məntəqəsini atəşə tutması nəticəsində 31 fələstinli həlak olub, daha 170 nəfər yaralanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə səhiyyə rəsmiləri və çoxsaylı şahidlərə istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 1-də səhər saatlarında İsrailin hərbi qüvvələri Rəfahın qərbindəki əl-Məvasi bölgəsində yemək üçün gedən yüzlərlə insana zirehli texnikadan birbaşa atəş açıb.

Öz növbəsində, Fələstinin WAFA agentliyi 30 insanın öldüyünü və 115-dən çox yaralının olduğunu bildirib.

Agentliyin məlumatına görə, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağında davam etdirdiyi əməliyyatlar nəticəsində azı 54 381 nəfər ölüb, 124 381 nəfərdən çox insan yaralanıb.