Tramp Rusiya ilə bağlı qərarsızlıqda ittiham olunur

 09:56 03.06.2025     183

ABŞ Konqresində həm respublikaçılar, həm də demokratlar Prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı münasibətindəki qeyri-müəyyənlikdən narazıdır.

Redaktor.az bu barədə "The Hill" nəşrinə istinadla məlumat verir.

Senatorlar Rusiyaya qarşı sərt sanksiyalar paketinin qəbuluna tələsirlər.

Senat çoxluğunun lideri Con Tun bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi cari dörd həftəlik iş dövründə müzakirəyə çıxarıla bilər. Bununla belə, nəşr qeyd edir ki, son zamanlar Tramp Moskva ilə bağlı ritorikasını sərtləşdirsə də, hələ də Rusiyaya qarşı konkret təzyiq addımı atmayıb.

Senatda azlığın lideri Çak Şumer isə qeyd edib ki, Tramp Ukraynaya dəstəyi açıq şəkildə ifadə etməli və Rusiyaya qarşı mövqeyini sərtləşdirməlidir. “Açıq danışım, hər iki partiyadan olan senatorlar artıq Trampın Putinə qarşı qeyri-ciddi münasibətindən beziblər. Əgər Tramp buna qarşı çıxmayacaqsa, Senat özü hərəkətə keçməlidir,” - deyə Şumer vurğulayıb.

Aytəkin TOFİQQIZI