Tarixi hücumun arxasında bu şəxs dururmuş: Rusiya onu axtarır - FOTO

Ukraynanın təşkil etdiyi “Hörümçək toru” əməliyyatının arxasında duran əsas fiqur üzə çıxıb.
Redaktor.az xəbər verir ki, strateji əhəmiyyətli A-50 erkən xəbərdarlıq təyyarələri və Tu-95 və Tu-22M3 bombardmançı təyyarələri də daxil olmaqla, Rusiya hava gücünün əhəmiyyətli bir hissəsini zərərsizləşdirən əməliyyatın arxasında duran sima kimi Ukrayna Kəşfiyyatının zabiti Artem Timofiyev önə çıxır.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iddia edir ki, Ukraynanın Rusiya hava bazalarına pilotsuz təyyarələrlə uğurlu hücumlarının arxasında ukraynalı sahibkar Artem Timofiyev dayanır. FSB rəsmiləri “Ukrayna kəşfiyyatının əsas əməliyyat elementi” kimi təsvir edilən Artem üçün geniş miqyaslı ümummilli axtarışa başlayıb.
Ukraynanın Jitomir şəhərində anadan olan Artem Timofiyev bir müddət paytaxt Kiyevdə yaşadıqdan sonra kommersiya məqsədi ilə Rusiyada məskunlaşıb. Artemin Çelyabinski seçməsi onun Qazaxıstan sərhədinə yaxınlığı, strateji üstünlüklər təmin etməsi ilə bağlıdır.
Rusiya hakimiyyəti iddia edir ki, PUA-nın Ukraynanın hava bazalarına hücumunda istifadə olunan materiallar Artem Timofiyev adına qeydiyyatda olan yük maşınlarında daşınıb. Çelyabinskdə yaşayan 55 yaşlı yük maşını sürücüsü Aleksandr Z. ifadəsində Artem adlı iş adamından Murmansk vilayətinə “taxta ev modulları” daşımaq üçün sifariş aldığını bildirib.
Digər sürücü, 61 yaşlı Andrey M. Artemin ona taxta evləri İrkuts şəhərinə daşımağı tapşırdığını deyib. 46 yaşlı sürücü Sergey də oxşar əhvalatı danışıb.
Bütün sürücülər yüklərini daşıyarkən nə baş verəcəyindən xəbərsiz olublar. Naməlum şəxs sürücülərin mobil telefonuna zəng edərək onlara harada dayanacaqlarını dəqiq deyib.
Yük maşınları Olenya aviabazasının yaxınlığındakı “Rosneft” yanacaqdoldurma məntəqəsində və Belaya aviabazasının yaxınlığındakı kafedə dayanıb. Sürücülər məntəqələrə çatanda pult vasitəsilə qoşqularının damları açılıb və PUA-lar hücuma keçib.
Qeyd edək ki, Ukrayna ordusu "Hörümçək toru" əməliyyatı çərçivəsində hər biri 1000 dollarlıq pilotsuz uçan aparatla birlikdə ən azı 40 Rusiya döyüş təyyarəsini məhv edib.
Rusiyanın “Perl Harboru” olaraq xarakterizə edilən və beynəlxalq ictimaiyyəti şoka salan bu hücumda Rusiya ordusunun 7 milyard dollardan itki verdiyi bildirilib.
Ukrayna Müdafiə Nazirliyinin “Hörümçək toru” adlandırdığı əməliyyatda ən kritik zərbələr Ukrayna sərhədindən 4500 km uzaqlıqdakı Belaya bazasına və 1800 km uzaqlıqdakı Olenya bazasına endirilib.
Ukrayna prezidenti Volodimir Zelenski əməliyyatın miqyasını “tarixi uğur” kimi xarakterizə edib (musavat.com).