İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya istintaqı: 4 nəfər barəsində həbs tələbi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan şəxslərdən – o cümlədən sabiq CHP millət vəkili Aykut Erdoğdunun da daxil olduğu 4 nəfər, həbs tələbi ilə məhkəməyə göndərilib.
Redaktor.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaqda, vəzifəsindən uzaqlaşdırılan İBB sədri Əkrəm İmamoğlunun da adının hallandığı bildirilir.
Şübhəlilər barəsində "cinayət təşkilatı rəhbərliyi", "təşkilata üzvlük", "rüşvət", "dələduzluq", "şəxsi məlumatların qanunsuz ələ keçirilməsi" və "tender saxtakarlığı" kimi ittihamlarla araşdırma aparılır.
Saxlanılan şübhəlilər – sabiq millət vəkili Aykut Erdoğdu, Ağaç AŞ-nin baş direktoru Ali Sukas, Bəylikdüzü Bələdiyyə Başqan müavini Veysel Erçevik və bələdiyyə başqanı Mehmet Murat Çalıkın köməkçisi Gürkan Polat, polis şöbəsindəki prosedurlar tamamlandıqdan sonra İstanbul Ədliyyəsinə aparılıb.
Prokurorluq bu dörd nəfərin həbs edilməsini tələb edərək onları növbətçi sulh cəza hakimliyinə göndərib. Məhkəmə prosesinin qısa müddətdə başlanması gözlənilir.
Kənan YUSİF