Bayram təhlükəsizliyi üçün 25 min nəfərlik heyət xidmət edəcək

İstanbul valisi Davut Gül, şəhərdə Qurban bayramı tətili müddətində təhlükəsizliyin təmin olunması məqsədilə ümumilikdə 25 min əməkdaşın xidmət aparacağını bildirib.
Redaktor.az xəbər verir ki, Davut Gül bu barədə Eyüpsultandakı Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Olunması İdarəsində (AFAD) keçirilən aylıq təhlükəsizlik hesabat toplantısında məlumat verib.
Gül qeyd edib ki, Daxili İşlər Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək tədbirlər çərçivəsində 18 min 380 nəfər asayiş polisi, 4 min 104 nəfər yol polisi, həmçinin 2 min 784 nəfər motosikletli patrul əməkdaşı şəhərin müxtəlif nöqtələrində xidmət göstərəcək.
İstanbul valisi Davut Gül, vətəndaşların Qurban bayramını əmin-amanlıq və təhlükəsizlik içində keçirmələri üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib və istanbulluları bayram münasibətilə təbrik edib.
Kənan YUSİF