5 CHP-li bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

 21:24 05.06.2025     108

CHP-li bələdiyyələrə yönəlik aparılan istintaq çərçivəsində həbs olunan Avcılar, Büyükçekmece, Gaziosmanpaşa, Ceyhan və Seyhan rayonlarının bələdiyyə başçıları vəzifələrindən müvəqqəti uzaqlaşdırıldı.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada, İstanbul Avcılar Bələdiyyə Başçısı Utku Caner Çaykara, Büyükçekmece Başçısı Hasan Akgün, Gaziosmanpaşa Başçısı Hakan Bahçetepe, Adana Ceyhan Başçısı Kadir Aydar və Seyhan Başçısı Oya Tekinin, Türkiyə Konstitusiyasının 127-ci və Bələdiyyə Qanununun 47-ci maddəsi əsasında müvəqqəti tədbir olaraq vəzifədən kənarlaşdırıldığı bildirilib.

Nazirliyin açıqlamasında, bu şəxslər haqqında aşağıdakı ittihamlarla cinayət təqibinin aparıldığı və həbs olunmalarına qərar verildiyi qeyd olunub:

Utku Caner Çaykara – "İcbara əsaslanan rüşvət (irtikap)"

Hasan Akgün – "Rüşvət alma və icbara əsaslanan rüşvət"

Hakan Bahçetepe – "Rüşvət alma"

Kadir Aydar – "İcbara əsaslanan rüşvət"

Oya Tekin – "İcbara əsaslanan rüşvət"

İstintaq davam edir.

Kənan YUSİF