Türkiyədə 5 gündür itkin olan uşaq sağ tapıldı

Türkiyənin Bursa vilayətinin Orhaneli rayonunda 5 gün əvvəl itkin düşən 13 yaşlı Burak Koçak, eyni məhəllədəki bir dostunun evində sağ-salamat tapılıb.
Redaktor.az xəbər verir ki, Altıntaş məhəlləsində cümə axşamından bəri axtarılan Burak Koçak üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilib.
Axtarışlara AFAD, JAK, jandarma, dəniz polisi dalğıc qrupu, HAYRAT, BUSKİ, Bursa Böyükşəhər Bələdiyyəsinin Fövqəladə Hallar İdarəsi, Yıldırım AKE, UMKE, ANDA və İHH olmaqla ümumilikdə 103 nəfərlik heyət cəlb olunub. Əlavə olaraq 5 dron, 4 axtarış iti və 23 nəqliyyat vasitəsi dəstək verib.
Təhlükəsizlik kameralarının görüntülərini təhlil edən qruplar axtarış istiqamətini bu məlumatlara uyğunlaşdırıb.
Nəhayət, Burak Koçak eyni məhəllədə bir dostunun evində gizlənərkən tapılıb. Ailəsinə təhvil verilən uşağın səhhətinin yaxşı olduğu bildirilib.
Kənan YUSİF