İstanbulda bayram yoxlamalarında 513 şübhəli saxlanıldı

İstanbulda Qurban Bayramının dördüncü günü təşkil olunan genişmiqyaslı “Huzur İstanbul” adlı polis tədbirində 205-i müxtəlif cinayətlərə görə axtarışda olan olmaqla, ümumilikdə 513 nəfər saxlanılıb.
Redaktor.az xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinin koordinasiyasında keçirilən tədbir şəhər üzrə iki mərhələdə baş tutub.
İlk mərhələdə yerli vaxtla saat 20:00-dan 22:00-a qədər 215 nöqtədə 1414 polis əməkdaşının iştirakı ilə yol yoxlamaları həyata keçirilib. Əməliyyata polis helikopteri və Dəniz Limanı Şöbəsinə bağlı 5 sürətli qayıq da cəlb olunub.
İkinci mərhələdə isə saat 22:00-dan 23:59-a qədər 1341 əməkdaşla ümumi istifadədə olan məkanlarda yoxlamalar aparılıb.
Tədbir çərçivəsində 302 min 287 nəfər haqqında GBT (Ümumi Məlumat Toplama) sorğusu keçirilib və nəticədə müxtəlif cinayətlərdən axtarışda olan 205 nəfər daxil olmaqla, ümumilikdə 513 nəfər saxlanılıb.
Kənan YUSİF