"Tramp müharibəni dayandıra biləcək yeganə dünya lideridir"

 14:26 12.06.2025     99

Ukrayna ilə Rusiya arasında münaqişəni həll etməyə qadir olan yeganə dünya lideri ABŞ Prezidenti Donald Trampdır.

Redaktor.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Ağ evin rəhbərində Rusiyaya qarşı lazımi “alətlər” var. Bu, Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə, ilk növbədə enerji sektoruna qarşı potensial yeni sanksiyalardır. Lakin Vaşinqtonun yeni məhdudiyyətlər paketinin nə qədər effektiv olacağı məlum deyil.

Zelenskinin fikrincə, Rusiya əleyhinə növbəti sanksiyalar güclü olarsa, bu, Ukraynadakı müharibəyə son qoya bilər. “Hər şey Donald Trampın əlindədir... Qərarların sürəti ondan asılıdır”, - deyə Ukrayna Prezidenti bildirib.

Bundan öncə Qərb müttəfiqlərini Moskvaya qarşı sanksiyaları gücləndirməyə çağıran Ukrayna Prezidenti hesab edir ki, G7 ölkələri, o cümlədən ABŞ və Avropa İttifaqı bundan qorxmamalı və Rusiya iqtisadiyyatına qarşı yeni məhdudiyyətlərin qüvvəyə minməsini təxirə salmamalıdır.