"Rubionun Rusiyanı təbriki ABŞ siyasətində dönüşdür"

ABŞ dövlət katibi Marko Rubionun Rusiya Günü münasibətilə təbriki ABŞ administrasiyasının siyasət xəttində nəzərəçarpacaq dərəcədə dəyişikliyin olduğunu göstərir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu fikri Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.
"Bu bəyanat müharibə başlayandan bəri Rusiya Günü münasibətilə təbrik göndərməyən əvvəlki administrasiyanın xətti ilə əhəmiyyətli qırılma idi. Prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın Moskvaya qarşı siyasətində nəzərəçarpacaq dönüşün olduğunu vurğulayır", - o, "Telegram" kanalında yazıb.
Dmitriyev vurğulayıb ki, ABŞ Dövlət Departamenti 2022-ci ildə Ukraynada münaqişə başlayandan bəri ilk dəfə Rusiyanı bu bayram münasibətilə təbrik edib. Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri həmçinin xatırladıb ki, ötən il ABŞ bu gün Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib.
Qeyd edək ki, bundan əvvəl Rubio təbrikində Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün Moskva ilə konstruktiv əməkdaşlıq etmək arzusunda olduğunu bildirmişdi. O qeyd edib ki, “Birləşmiş Ştatlar daha parlaq gələcəyə dair istəklərini həyata keçirməyə davam edən rusları dəstəkləməyə sadiqdir”.
Xədicə BAXIŞLI