Macarıstan gündə bir milyon avro kəsilən cəriməni ləğv etdirmək istəyir

 23:06 12.06.2025     105

Macarıstan digər ölkələrdən, əsasən də Asiya və Afrikadan olan miqrantları qəbul etməkdən imtina etdiyinə görə ona kəsilən gündə bir milyon avro barədə qərarın ləğvi üçün Avropa Ədalət Məhkəməsində iddia qaldıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin təhlükəsizlik və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə baş müşaviri Corc Bakondi bildirib.

O xatırladıb ki, bir il əvvəl Avropa İttifaqının (Aİ) Lüksemburqdakı Ədalət Məhkəməsi Macarıstana 200 milyon avro məbləğində cərimə kəsib. Bu qərarın icrasında gecikmənin hər günü üçün əlavə 1 milyon avro tutulur. İl ərzində faizlə birlikdə cərimənin ümumi məbləği 500 milyon avronu keçib.

“Aİ sığınacaq müraciətlərinə Serbiya kimi üçüncü ölkələrdə deyil, bilavasitə Macarıstan ərazisində baxılmasını tələb edir. Bu, mahiyyət etibarilə qeyri-qanuni miqrasiya üçün sərhədlərin açılması tələbi deməkdir. Bu vəziyyətdə hökumətin yalnız bir çıxış yolu var: beynəlxalq hüquq firmasının köməyi ilə Aİ Məhkəməsinə qarşı iddia qaldırmaq”, - Bakondi “M1” telekanalında deyib.

O təsdiq edib ki, Macarıstan hökuməti nə cərimənin əsas məbləğini, nə də faizləri ödəmək niyyətindədir.

Həmçinin qeyd olunub ki, bu ölkə Aİ-nin miqrasiya qaydalarına əməl etmək niyyətində deyil. Ekspertlər hesab edir ki, Aİ Məhkəməsinin Lüksemburqdakı qərarına yenidən baxılması son dərəcə çətin məsələdir, lakin ümidsiz deyil.