İsrail hücumlarını coğrafiyanın hər yerinə daşıyır - Dövlət Baxçalı

 21:50 13.06.2025     131

Milliyyətçi Hərəkat Partiyasının (MHP) Başqanı Dövlət Baxçalı, İsrailin İrana qarşı təşkil etdiyi hücumlara sərt reaksiya verib.

Redaktor.az xəbər verir ki, Baxçalı yazılı açıqlamasında, İsrailin bölgədə gərginlik yaratdığını vurğulayaraq bildirib:

"İsrail qarşısına çıxan hər kəsə hücum edir, sabotaj və sui-qəsd planları ilə gizli əməliyyatlarını coğrafiyanın hər yerinə genişləndirir. Bu davranış beynəlxalq hüquqa tamamilə ziddir və bölgədə sülhü təhdid edir".

Baxçalı, qlobal və regional qeyri-sabitliyin təhlükəli həddə çatdığını qeyd edib:

"Dünyada artan qeyri-sabitlik dalğası təhlükəli səviyyəni keçərək sərtləşmiş vəziyyətdədir. Bu proses insanlığın mərhəmət və mədəniyyət dəyərlərinə ağır zərbə vurur. Təəssüf ki, sülh və dialoq gözləntiləri boşa çıxır, beynəlxalq təşkilatlar isə təsirsiz və mənəvi tükənmişlik içindədir".

O, İsrailin bölgədəki hərəkətlərinə qarşı beynəlxalq ictimaiyyətin daha fəal addımlar atmasını və hüququn üstünlüyünün bərpası üçün konkret tədbirlər görülməsini tələb edib.

Kənan YUSİF