"ABŞ-nin İsrailin İrana qarşı terror hücumlarında əli var"

 02:25 14.06.2025     97

İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani İsrailin İran ərazisinə son zərbələrini kəskin şəkildə pisləyərək ABŞ-ni iştirakçılıqda ittiham edib və Tehranın cavab vermək hüququ barədə xəbərdarlıq edib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, bu barədə diplomat dünya təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasındakı çıxışında bildirib.

BMT Təhlükəsizlik Şurasının İsrailin İrandakı obyektlərə hücumlarına həsr olunmuş təcili iclasında İslam Respublikasının daimi nümayəndəsi Əmir Səid İravani deyib ki, “Birləşmiş Ştatların bu terror hücumlarında iştirakı heç bir şübhə doğurmur”.

Onun sözlərinə görə, “amerikalı rəsmilər cinayət və qəsdən törədilmiş cinayətlərdə rol aldıqlarını açıq şəkildə və düşüncəsizcə etiraf ediblər”. “Biz heç vaxt unutmayacağıq ki, vətəndaşlarımız Amerika silahları ilə İsrail hücumlarından həlak olublar”, – o vurğulayıb.

İrəvani İsrailin hərəkətlərini “müharibə elanı” və “bu rejimin himayədarlarının dəstəyi sayəsində cəzasız qaldığı qanunsuz və təcavüzkar aktların uzun zəncirində növbəti həlqə” kimi xarakterizə edib. O həmçinin söyləyib ki, son hücumlar nəticəsində yüksəkrütbəli hərbçilər də daxil olmaqla 78 nəfər ölüb, 320-dən çox insan yaralanıb – onların əksəriyyəti qadın və uşaqlardır.

“İndiki vəziyyətdə İsrail rejimini dəstəkləmək hərbi cinayətləri, insanlıq əleyhinə cinayətləri, habelə qlobal sülh və təhlükəsizliyin qəsdən pozulmasını dəstəkləməkdir”, – o əlavə edib.

Diplomat xüsusilə qeyd edib ki, zərbələrin hədəflərindən biri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında olan Nətənzdəki nüvə obyekti olub. O, nəticələri İrandan çox uzaqlara çıxa biləcək potensial radioloji fəlakət barədə xəbərdarlıq edib.

Sonda İrəvani qeyd edib ki, Tehran “beynəlxalq hüquqa uyğun olaraq, seçimimizə görə vaxt və məkanda qətiyyətli və mütənasib cavab” vermək hüququnu özündə saxlayır. O bunun təhdid olmadığını, ölkəsinin legitim haqqı olduğunu vurğulayıb.