“İran İsrailin hücumuna qətiyyətli cavab verib" - Nazir

İsrailin İran əleyhinə hücumlarının davam etdiyi halda, İranın nüvə proqramı ilə əlaqədar ABŞ ilə dolayı müzakirələrin növbəti raundunun keçirilməsi əsaslandırıla bilməz.
Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla telefon söhbətində deyib.
Onun sözlərinə görə, İsrailin İranın nüvə obyektlərinə hücumu tamamilə qeyri-qanunidir. ABŞ və 3 Avropa ölkəsinin təşəbbüsü ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İran əleyhinə qətnamə təsdiqləməsi İsrailin İranın nüvə obyektlərinə hücum etməsinə şərait və bəhanə yaradıb.
Xarici işlər naziri deyib ki, İran sülhü dəstəkləyən bütün ölkələrin İsrailin İrana hücumunu qınamasını gözləyir.
“İran suverenliyi və təhlükəsizliyini qorumaq üçün İsrailin hücumuna qətiyyətli cavab verib və qarşılıqlı addım atmaq üçün öz qanuni haqqından istifadə etməkdə israrlıdır”, -deyə o qeyd edib.
Telefon söhbətində Avropa İttifaqının xarici işlər və siyasət məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da bölgədə gərginliyin artmasından narahat olduğunu qeyd edib və Avropa İttifaqının bölgədə sülhün təmin olunması və gərginliyin azaldılması istiqamətində Təhlükəsizlik Şurasında diplomatik səyləri dəstəkləməyə hazır olduğunu bildirib.