"Boeing"in Kiyevdəki ofisinə HÜCUM EDİLDİ

 15:34 15.06.2025     167

Rusiyanın Kiyevə endirdiyi son hücumlar zamanı Boeing şirkətinin Kiyevdəki ofisi ciddi şəkildə zədələnib.

Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, Ukrayna rəsmilərinin açıqlamaları, Boeing əməkdaşlarının verdiyi məlumat və təhlil olunmuş fotolara əsasən, bu, ABŞ-ın aerokosmik şirkətinə qarşı məqsədli zərbə olub.

“Financial Times” yazır: “Boeing-in iki əməkdaşı, üç ukraynalı rəsmisi və Ukraynadakı Amerika Ticarət Palatasının rəhbərinin sözlərinə görə, bu bina bazar günü axşamı müharibə ərzində ən intensiv hava hücumlarından biri zamanı hədəf alınan obyektlərdən biri olub.”

Hücum Rusiyanın müharibə ərzində həyata keçirdiyi ən genişmiqyaslı hava hücumlarından biri zamanı baş verib. Hücumda 300-dən çox pilotsuz uçuş aparatı və bir neçə raket Ukraynanın müxtəlif şəhərlərinə yönəldilib. Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti tərəfindən yayımlanan və “Financial Times” tərəfindən təsdiqlənən fotolarda binanın ciddi zədələndiyi və yanğının söndürülməsi əməliyyatı göstərilir.

Boeing nümayəndəsi hücumla bağlı şərh verməkdən imtina edib. Lakin o bildirib ki, şirkət əməkdaşlarının təhlükəsizliyini prioritet hesab edir və bombardman zamanı heç bir əməkdaş zərər görməyib.

Qeyd edilir ki, Boeing Ukraynada fəaliyyət göstərən ən məşhur Amerika şirkətlərindən biridir. Şirkət əsasən mühəndislik və texniki dəstək sahəsində fəaliyyət göstərir. Hazırda Ukraynada təxminən 1000 əməkdaşı var və Rusiya ilə üç ildən artıq davam edən tammiqyaslı müharibəyə baxmayaraq, fəaliyyətini demək olar ki, fasiləsiz davam etdirir.

Bu ilin əvvəlində Boeing rəhbərləri “Antonov” şirkətinin nümayəndələri və Ukraynanın müdafiə naziri ilə görüşərək pilotsuz sistemlər və sursat istehsalı da daxil olmaqla, yeni birgə layihələri müzakirə ediblər.