Makron Ukrayna müharibəsi ilə bağlı Trampa müraciət ETDİ

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin prezidenti Donald Trampı Ukraynada sülhün bərqərar olunması üçün öz təsir imkanlarından istifadə etməyə çağırıb.
Redaktor.az "Politico”ya istinadla xəbər verir ki, Qrenlandiyaya səfəri zamanı Makron, Trampın vəziyyətə, o cümlədən Rusiyaya qarşı daha sərt sanksiyaları dəstəkləməklə təsir edə biləcəyini bəyan edib.
"Fikrimcə, əsas sual budur: əgər Moskva ABŞ-nin təklif etdiyi atəşkəsi yerinə yetirməsə, prezident Tramp Rusiyaya qarşı daha sərt sanksiyaları tətbiq etməyə hazır olacaqmı?” – deyə Makron bildirib.
O, həmçinin qeyd edib ki, G7 sammitinin səyləri də "tezliklə atəşkəsə nail olunmasına” yönəlməlidir.
Makron əlavə edib ki, Tramp İsraillə İran arasında eskalasiyanın azaldılmasında da əsas rol oynaya bilər.
"Bu məsələdə də ABŞ-nin bütün tərəfləri danışıqlar masasına qaytarmaq üçün real imkanı var”, – deyə Fransa prezidenti bildirib.
Makronun sözlərinə görə, "İsrailin Amerika silah və sursatından asılılığı ABŞ-yə danışıqlar aparmaq imkanı yaradır”.