Putin və Ərdoğan İran-İsrail münaqişəsini müzakirə ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasındakı gərginliyi rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, söhbət əsnasında İsrail və İran arasındakı silahlı toqquşma, ikitərəfli münasibətlər və digər regional məsələlər gündəmə gətirilib.
Ərdoğan İsrailin İrana hücumu ilə başlayan gərginliyin bütövlükdə bölgənin təhlükəsizliyini riskə atdığını bildirib. O, eyni zamanda regionun yeni bir müharibəyə hazır olmadığını da rusiyalı həmkarının nəzərinə çatdırıb.
Türkiyə lideri ölkəsinin münaqişənin başladığı ilk gündən hücumların dayandırılması üçün diplomatik səylər göstərdiyini və məsələnin həll yolunun yalnız diplomatiyadan keçdiyini söyləyərək, tərəflərin təxirə salınmadan danışıqlar masası arxasına qayıtmasının vacib olduğunu sözlərinə əlavə edib.
Ərdoğan İsrail-İran münaqişəsinin diqqəti Qəzzada baş verənlərdən yayındırmamalı olduğunu vurğulayıb.
Kreml rəhbəri isə silahlı toqquşmanın dərhal dayandırılması və diplomatiyaya yer verilməsi məsələsində türkiyəli həmkarı ilə ortaq fikirləri bölüşdüyünü bəyan edib.