İran-israil qarşıdurması dərhal sonlandırılmalıdır - Dövlət Baxçalı

“İsrail ilə İran arasında başlanan münaqişənin dərhal dayandırılması və regional sabitliyin təmin edilməsi hər bir ölkənin marağındadır. Əks halda, regionda alovlanacaq müharibə qlobal müstəviyə keçərsə, heç bir millət və mədəniyyət bunun öhdəsindən gələ bilməz".
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İsrail ilə İran arasında baş verən toqquşmalarla bağlı danışarkən deyib.
MHP sədrinin sözlərinə görə, 13 iyun tarixində İsrailin İrana qarşı başlatdığı hücum həm regionu, həm də dünya ictimaiyyətini narahat edir. Münaqişənin zəncirvari olaraq dünya sülhü və insani rifaha ciddi zərər vurduğunu vurğulayan Baxçalı, baş verənlərin narahatedici olduğunu bildirib.
“İran-İsrail qarşıdurmasının regional sərhədləri aşaraq qlobal xarakter alması və nüvə müharibəsinə çevrilməsi ilə bağlı iddialar getdikcə daha dərin və təsirli bir reallıq halını alır", - deyə Baxçalı qeyd edib.
MHP lideri tərəfləri təmkinli davranmağa və sülh yolunu seçməyə çağırıb.
Kənan YUSİF