Xamenei Trampa cavab verdi - İsraili HƏDƏLƏDİ

 17:02 18.06.2025     135

"İranın cavab hücumu İsraili zəiflətdi, Tehranın yeni “cavab zərbələri” həyata keçirmək planı var".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xamenei deyib.

"Sionist düşmən (İsraili nəzərdə tutur - red.) cəzalandırılmalıdır və artıq cəzalandırılır. İran xalqı və silahlı qüvvələrinin bu şər düşmənə vurduğu, hazırda vurduğu və gələcəkdə vurmağı planlaşdırdığı cavab zərbəsi onu zəiflədən ağır cəzadır", - o, xalqa müraciətində deyib.

İslam Respublikasının lideri əlavə edib: “Uca Allah, şübhəsiz ki, İran xalqına qələbə, haqq və ədalət bəxş edəcək”.

"Amerikalılar və bu regionun siyasətinə bələd olanlar bilirlər ki, Amerikanın bu problemə qarışması, şübhəsiz ki, onların ziyanına olacaq və onlar zərbə alacaqlar. Bu zərbə İranın vuracağı zərərdən qat-qat dağıdıcı olacaq", - o, xalqa müraciətində deyib.

“ABŞ prezidenti qəbuledilməz bəyanatlarında açıq şəkildə İran xalqını təslim olmağa çağırır, lakin biz onlara deyirik ki, ilk növbədə təhdidlərdən qorxanları hədələsinlər”, - respublika rəhbəri əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tehrandan “dərhal təslim olmağı” tələb edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Sonrakı günlərdə İsrail və İran yenidən bir-birinə zərbə vurub. Hər iki tərəf bu hücumlar nəticəsində itkilər barədə məlumat verib və bir sıra hədəfləri vurduğunu etiraf edib. 

Onu da əlavə edək ki, ABŞ-nin dünya üzrə 1000 hərbi bazası şəbəkəsi var. 80-dən çox ölkədə ən azı 170.000 Amerika əsgəri var. Yaxın Şərqdə Amerikanın hərbi bazaları və obyektləri Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı və Suriyada yerləşir. ABC News-un məlumatına görə, Yaxın Şərqdəki Amerika hərbçilərinin sayı hazırda 40 minə yaxındır.

Turan İSMAYIL