“Paşinyan çox dözümsüzdür”

 10:42 21.06.2025     84

ABŞ-dəki erməni diasporunun tanınmış nümayəndəsi California Courier qəzetinin baş redaktoru Harut Sasunyan Ermənistanın baş naziri Nikol Paşinyanı diktator adlandırıb. 

Redaktor.az bu barədə "Politoco"ya istinadla məlumat verir.

Sasunyanın sözlərinə görə, Paşinyanın Erməni Apostol Kilsəsinin (EAK) işlərinə müdaxilə etmək hüququ yoxdur və bu cür addımlarla o, diktator kimi çıxış edir. O, Ermənistan Konstitusiyasını xatırladaraq bildirib ki, kilsə dövlətdən ayrıdır və “kilsənin ruhanilərlə bağlı məsələləri həll etmək üçün 1700 illik öz ənənələri var. Bu, baş nazirin işi deyil”.

Diaspora nümayəndəsi həmçinin bildirib ki, Paşinyan kilsədən şəxsi siyasi məqsədləri üçün istifadə etməyə çalışır və bu məqsədlə bütün ermənilərin katolikosu II Qaregini daha asılı bir fiqurla əvəzləmək niyyətindədir. Sasunyan bunu qanun pozuntusu adlandırıb.

“Paşinyan çox dözümsüzdür və özünü demokrat adlandırsa da, əslində belə deyil. O, onunla razılaşmayanlara dözməyən diktatordur”, - deyə Sasunyan vurğulayıb.

Aytəkin TOFİQQIZI