Pakistan Rusiyadan yeni neft tədarüklərinə hazır olduğunu açıqladı

Pakistan Rusiyadan yeni neft tədarüklərinə hazır olduğunu açıqladı. Bununla bağlı Pakistanın Neft naziri Məhəmməd Əli Pərvaz Malik Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində məlumat verib.
Redaktor.az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.
Nazir bildirib ki, ölkə Rusiyanın Urals tipli neftinə uyğunlaşdırılmış neft emalı zavodlarını tənzimləmək işlərini başa çatdırdıqdan sonra yeni tədarük imkanlarını müzakirə etməyi planlaşdırır.
“Məqsədimiz zavodlarımız üçün ən uyğun resepti müəyyən etdikdən və bütün texniki yenidənqurma işlərini tamamladıqdan sonra yeni tədarük imkanlarını nəzərdən keçirməkdir”, – deyə Malik bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın nefti Pakistanın tarixən istifadə etdiyi yüngül neftdən bir qədər ağırdır, bu da bəzi texniki uyğunlaşmalar tələb edir.
Xədicə BAXIŞLI