ABŞ-nin bombaladığı Fordo nüvə obyektində çuxurlar görünür - AEBA rəhbəri AÇIQLADI

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilən İranın Fordo nüvə obyektində çuxurlar qeydə alıb.
Redaktor.az xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi agentliyin Rəhbər Şurasının fövqəladə iclasının açılışında bildirib.
O qeyd edib ki, hazırda yeraltı infrastruktura dəyən ziyanı qiymətləndirmək mümkün deyil.
"Fordo obyektində, İranın əsas 60 %-ə qədər uran zənginləşdirmə obyektində, çuxurlar görünür. Bu da dəlib-keçən döyüş sursatlarının istifadəsini göstərir, bu, ABŞ-nin bəyanatları ilə uyğunluq təşkil edir. Hazırda heç kim, o cümlədən AEBA, yeraltında dəyən ziyanı qiymətləndirmək iqtidarında deyil", - o bildirib.
R.Qrossi həmçinin qeyd edib ki, ABŞ-nin İranın İsfahandakı nüvə obyektinə zərbəsi nəticəsində uran emalı aparılan binalar zədələnib.