"Tanrı İranı qorusun!" - Donald Tramp

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs əldə etdiyini açıqlayıb.
Redaktor.az Amerika liderinin sosial şəbəkədə yazdığı mesajın tam mətnini təqdim edir:
Tramp deyib:
"Hamınızı təbrik edirəm!
İsrail və İran arasında tam və hərtərəfli atəşkəs barədə razılıq əldə olunub. Təxminən 6 saat sonra – İsrail və İran son əməliyyatlarını tamamladıqda – 12 saatlıq bir atəşkəs başlayacaq və müharibə başa çatacaq!
Rəsmi olaraq, İran atəşkəsə saat 12:00-da başlayacaq, İsrail isə saat 24:00-da. Beləliklə, 12 günlük müharibənin rəsmi sonu dünya tərəfindən qeyd olunacaq. Hər bir atəşkəs müddətində tərəflər dinc və hörmətli şəkildə davranacaqlar.
Əgər hər şey planlandığı kimi getsə, hər iki ölkəni – İsraili və İranı – bu “12 günlük müharibə”yə son qoymaq üçün göstərdikləri dözümlülük, cəsarət və müdrikliklərinə görə təbrik etmək istəyirəm.
Bu, illərlə davam edə biləcək və bütün Yaxın Şərqi məhv edə biləcək bir müharibə ola bilərdi, amma belə olmadı və heç vaxt da olmayacaq! Tanrı İsraili qorusun, Tanrı İranı qorusun, Tanrı Yaxın Şərqi qorusun, Tanrı Amerika Birləşmiş Ştatlarını qorusun və Tanrı dünyanı qorusun!"
Xatırladaq ki, bazar ertəsi axşam saatlarında İran Qətərdə yerləşən ABŞ hərbi bazasına raket hücumu həyata keçirib. Hücum nəticəsində raketlərdən biri bazaya düşsə də, ABŞ hərbçiləri öncədən bazanı tərk etdikləri üçün heç bir itki olmayıb. Donald Tramp İranın öncədən ABŞ-ni hücumla bağlı xəbərdar etdiyi üçün təşəkkürünü də çatdırıb.
T.İSMAYIL