İran ABŞ-yə xəbərdarlıq ETDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlarından general Məhəmməd Pakpur ABŞ Prezidenti ilə bağlı sərt bəyanatla çıxış edib. Onun sözlərinə görə, “Amerika xalqının maraqlarını və təhlükəsizliyini sionist rejimin xilasına qurban verən düşüncəsiz ABŞ prezidenti” əgər İrana qarşı növbəti təcavüzə cəhd edərsə, daha ağır və peşmanedici cavab alacaq.
Redaktor.az bu barədə "Mehr News Agency"ə istinadən məlumat verir.
“Əgər o, İrana qarşı təcavüzünü təkrarlasa, bu, tarix üçün dərs olacaq daha sarsıdıcı və peşmanedicİ cavabla qarşılaşacaq,” – deyə Pakpur vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrinə cavab olaraq, İran Silahlı Qüvvələri bazar ertəsi axşam saatlarında Qətərdə yerləşən ABŞ hərbi bazasına raket zərbələri endirib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayılan açıqlamada bildirilir ki, “Fəth Müjdəçisi” (“Harbinger of Conquest”) adlı əməliyyat çərçivəsində ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd aviabazasına güclü raketlər atılıb. Həmin baza ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının qərargahı olmaqla, Vaşinqtonun Qərbi Asiyadakı ən böyük strateji mövqeyi sayılır.
SEPAH bəyan edib ki, bu əməliyyatla İslam Respublikası Vaşinqton və onun müttəfiqlərinə açıq mesaj göndərib: “Biz Allah-Təalaya arxalanaraq və İran xalqının dəstəyi ilə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı istənilən pozuntunu cavabsız qoymayacağıq.”
Xədicə BAXIŞLI