İsrailin İrana hücumunda ölənlərin sayı AÇIQLANDI

İsrailin İrana hərbi hava hücumları nəticəsində bugünədək 606 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Məhəmməd Rza Zəfərqəndi bu gün Nazirlikdə keçirilən Fövqəladə Hallar Komitəsinin 6-cı iclasında deyib.
Onun sözlərinə görə, İsrailin hücumlarında 5 332 nəfər yaralanıb.
Zəfərqəndi deyib ki, təkcə ötən 24 saat ərzində İsrailin hücumları 107 nəfərin ölməsi və 1 342 nəfərin yaralanması ilə nəticələnib.
İranlı nazir ölənlərin 95%-nin cəsədləri uçqunlar altından çıxarılıb və sadəcə 5% xəstəxanalarda ölüb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.