Belqradda etirazlar zamanı 48 polis əməkdaşı xəsarət ALDI

 14:22 29.06.2025     142

Belqradda baş verən iğtişaşlar nəticəsində 48 polis əməkdaşı xəsarət alıb, 77 nəfər, o cümlədən bir yeniyetmə saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Serbiya Polisi direktorunun köməkçisi Deyan Lukoviç TV Prva telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, polis 35 cinayət işi və 22 inzibati xətayla bağlı vəsatət qaldırmağı planlaşdırır. “Biz bütün halları araşdırmağa, faktiki mənzərəni müəyyənləşdirməyə və digər şəxslərin, təşkilatçıların identifikasiyasını aparmağa davam edirik. Aidiyyəti prokurorluqlar və təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq çərçivəsində bu işi sona çatdıracağıq”, – deyə o bildirib.

Lukoviç qeyd edib ki, xəsarət alanlardan biri – jandarm xidmətinin əməkdaşı – ağır bədən xəsarətləri alıb, lakin həyatı üçün təhlükə yoxdur, vəziyyəti stabildir. Digər xəsarətlər yüngül olaraq qiymətləndirilib.

“Polis əvvəlcə maksimum səbir və təmkin göstərdi, lakin vəziyyətin kəskinləşməsindən sonra minimal məcburetmə tədbirlərinə əl atıldı”, – deyə Lukoviç əlavə edib.