Qazaxıstanda üzü örtən geyimlərə rəsmi QADAĞA QOYULDU

 10:21 02.07.2025     98

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev qadınların ictimai yerlərdə üzü örtən geyimlər (niqab, burqa və s.) geyinməsini qadağan edən qanun layihəsini imzalayıb.

Redaktor.az bu barədə ölkə mediasına istinadla xəbər verir.

Məlumata görə, hökumət bu geyimlərin hüquq-mühafizə orqanlarının şəxsiyyət müəyyənləşdirməsini çətinləşdirdiyini və ictimai təhlükəsizliyə risk yaratdığını bildirir.

Qanuna əsasən, üzün tamamilə örtülməsi yalnız xüsusi tibbi səbəblər, sərt hava şəraiti və mədəni tədbirlər zamanı istisna hal kimi qəbul olunacaq.

Tokayev daha əvvəl bu cür geyimləri “radikal ünsürlər tərəfindən Qazax qadınlarına zorla qəbul etdirilən, dəbdən düşmüş forma” kimi tənqid etmiş və milli geyimlərin təşviq olunmasının vacibliyini vurğulamışdı.

Qazaxıstan bu qərarla bölgədəki digər ölkələrin – Özbəkistan, Tacikistan və Qırğızıstanın oxşar siyasətinə uyğun addım atmış olur. Lakin bu tədbirlər bəzi insan haqları təşkilatları tərəfindən fərdi azadlıqları məhdudlaşdırmaqda tənqid olunur.

Nuriyyə NATİQQIZI