Bu ərazilərdə dənizə girmək qadağan EDİLDİ

 22:30 03.07.2025     120

Türkiyədə Qara dənizə sahili olan Ordu və Giresun vilayətlərində hava şəraiti ilə bağlı olaraq dənizə girmək qadağan edilib. Ordu vilayətində qadağa 4 iyul Cümə günü üçün keçərlidir, Giresunda isə bu məhdudiyyət iki gün ərzində tətbiq olunacaq.

Redaktor.az xəbər verir ki, Ordu Valiliyindən yayımlanan açıqlamada bildirilib ki, Meteorologiya Baş İdarəsi tərəfindən vilayət üzrə sabah üçün çox güclü və yerlərdə şiddətli yağış proqnozlaşdırılıb. Bu səbəbdən “narıncı kod” ilə xəbərdarlıq edilib.

Valiliyin açıqlamasında deyilir:

“Gözlənilən şiddətli yağış səbəbilə dənizdə yaranacaq çirklənmə, yüksək dalğa və geriçəkən axıntı (rip axını) təhlükəsi nəticəsində baş verə biləcək boğulma hallarının qarşısını almaq məqsədilə 4 iyul Cümə günü vilayətimiz üzrə dənizə girmək qadağan edilmişdir".

Kənan YUSİF