Məsud Pezeşkiandan dillərə dastan olacaq AÇIQLAMA

 12:48 04.07.2025     87

İran prezidenti Məsud Pezeşkian dillərə dastan olacaq açıqlama verib.

Redaktor.az "Azad İran" telegram kanalına istinadla xəbər verir ki, o, indiyədək heç bir dövlət başçısının cürət etmədiyi şəkildə danışaraq, milyonlarla Azərbaycan türkünə tarixdə ilk dəfə açıq dəstək ifadə edib.

Pezeşkian ürək sözlərini belə dilə gətirib: “Bizim ana dilində təhsillə bağlı problemimiz var, bunu danmaq olmaz! İran Azərbaycanında özünü türk adlandıranlara xor baxmaq cinayətdir. Onların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür. Özlərinə başqa ad qoymaq saxtakarlıqdır, bu uydurma adlar qəbuledilməzdir.”

O, sözlərinə tarixi mesaj əlavə edib: “Türkcə təhsil həm İranın milli öhdəliyidir, həm də beynəlxalq hüquqlardan irəli gəlir. Milyonlarla türkün ana dili olduğu üçün biz bu məsələyə xüsusi yanaşmalıyıq.”

Prezident eyni zamanda Şəhriyar nümunəsi ilə türkcənin İranda əzəli yerini xatırladıb: “Şəhriyar türkcə danışıb, türkcə yazıb. Bu dildə şeir deyəndə əsəbiləşmək, nifrət göstərmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən parlaq ulduzudur.”

Pezeşkianın sarsıdıcı yekun sözləri isə belə olub: “Türk, ərəb və digər dillər bizim zənginliyimizdir. Son 12 günlük müharibə göstərdi ki, İranın ən böyük sərvəti onun milli birliyidir. Xalqın özünü ifadəsi onun təbii haqqıdır!”