Yaponiya sunami riski ilə üzləşə bilər

 10:02 07.07.2025     162

İndoneziyanın Flores adasında Levatobi vulkanının püskürməsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Meteoroloji Xidməti məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, vulkan Yaponiyanın vaxtıyla saat 12:10-da (Bakı vaxtı ilə 7:10-da) püskürməyə başlayıb. Əgər bu püskürmə nəticəsində həqiqətən sunami dalğası yaranarsa, o, Yaponiyanın sahillərinə təxminən yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə 10:30-da) çata bilər. Yaponiyalı mütəxəssislər hazırda sunaminin yaranma ehtimalını araşdırırlar.

Levatobi vulkanı iki zirvədən ibarətdir. Onun daha aktiv hissəsi - Levatobi Laki-laki - 1584 metr hündürlüyündədir və daha hündür olan digər zirvədən -Perempuan (1703 m) - təxminən iki kilometr aralıda yerləşir.

İndoneziya Sakit okean "odlu halqası" adlanan yüksək seysmik aktivliyə malik bölgədə yerləşir. Ölkədə 500-dən çox vulkan var, onlardan təxminən 130-u fəaliyyət göstərən vulkanlardır.

Ötən həftə Yaponiyada yerləşən aktiv vulkan Simmoe, Miyadzaki və Kaqosima prefekturalarının sərhədində, 5 kilometrdən yüksək kül sütunu püskürüb. Alimlərin məlumatına görə, bu, 2018-ci ildən bəri ilk belə güclü püskürmədir. Püskürmə nəticəsində 50 kilometr radiusdakı ərazilər kül ilə örtülüb. İyun ayının sonunda Simmoe orta dərəcədə aktivlik göstərmiş, 500 metrə qədər kül püskürtmüşdü.

Xədicə BAXIŞLI