KİV: Rusiyalı nazir istefa qərarından əvvəl vəfat edib - YENİLƏNİB

 19:48 07.07.2025     181

Rusiya Prezidenti Vladimir Putinin iyulun 7-də imzaladığı fərmanla vəzifəsindən çıxarılan nəqliyyat naziri Roman Starovoyt, ehtimal ki, iyulun 5-dən 6-na keçən gecə - istefasının rəsmi elan olunmasından xeyli əvvəl vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Forbes” istintaq orqanlarına yaxın mənbəyə istinadən özünün teleqram kanalında məlumat yayıb.

Agentlik həmçinin “RTVI”a danışan Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolovun Starovoytun ölümü ilə bağlı məlumatı təsdiqləyərək “faciə xeyli əvvəl baş verib” sözlərinə istinad edib.

Rusiya KİV-in məlumatına görə, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, keçmiş nazirin güllə yarası olan meyiti Odintsovo şəhər dairəsi ərazisində, onun öz avtomobilində tapılıb. Eyni zamanda, söhbətin Romaşkovo kəndindəki parkın yaxınlığındakı dayanacaqda tapılan “Tesla” elektromobilindən getdiyi iddia edilir. Həmçinin bir sıra KİV Starovoytun Odintsovodakı evində intihar etdiyi barədə məlumat yayıblar.

RBK-nın məlumatına görə, Starovoytun ölümü ilə bağlı ballistik və tibbi ekspertizalar təyin ediləcək və bunlar ölümün səbəbini müəyyənləşdirməyə kömək edəcək. Hazırda əsas versiyalardan biri intihardır. Agentlik iddia edir ki, Starovoytun meyiti onun avtomobilindən bir neçə metr aralıda kolluğun arxasında tapılıb. Fövqəladə xidmətlərin əməkdaşları artıq məmurun meyitini avtomobilə daşıyıb, meyit morqa aparılacaq.

***

Bu gün Prezident Vladimir Putinin sərəncamı ilə Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt ölü tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

“Roman Starovoytun cəsədi Odintsovo şəhərindəki evində tapılıb”, - məlumatda deyilir.

İlkin məlumata görə, 53 yaşlı Starovoyt intihar edib.