ABŞ ilə tarif razılaşması avtomobil sənayesi olmadan mümkün deyil - Yaponiya

 15:39 08.07.2025     86

Yaponiya ilə ABŞ arasında tariflər üzrə ümumi razılaşma əldə olunması, avtomobil sənayesi ilə bağlı razılıq olmadan mümkün deyil.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya iqtisadiyyatın bərpası üzrə naziri Ryosei Akadzava bəyanat verib.

“Bu, olduqca vacib məsələdir. Çünki avtomobil sənayesi Yaponiyanın əsas iqtisadi sahələrindən biridir. Əgər bu sahədə ABŞ-la razılaşma əldə edilməsə, düşünürəm ki, ümumi paket üzrə də razılıq olmayacaq”, - deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, Tokio Vaşinqtonla tarif məsələləri üzrə danışıqları sürətləndirməyi planlaşdırır. Akadzava ABŞ ticarət naziri Hovard Latniklə telefon danışığı zamanı Amerikanın son qərarına görə təəssüfünü ifadə edib.

Xatırladaq ki, iyulun 7-də ABŞ Prezidenti Donald Tramp 1 avqustdan etibarən Yaponiyadan və Cənubi Koreyadan idxal olunan bütün məhsullara 25%-lik vahid gömrük tarifi tətbiq ediləcəyini açıqlayıb. Tramp bu qərarı Yaponiyanın və Cənubi Koreyanın tətbiq etdiyi tarif və qeyri-tarif baryerlərinin ABŞ iqtisadiyyatında ticarət kəsirinə səbəb olması ilə əsaslandırıb.

Nuriyə NATİQQIZI