Qazaxıstan ABŞ-nin yeni ticarət rüsumlarını qiymətləndirdi

ABŞ Prezidenti Donald Trampın 1 avqustdan etibarən Qazaxıstan da daxil olmaqla 14 ölkəyə qarşı 25%-lik yeni ticarət rüsumları tətbiq etməsi ilə bağlı Astanadan ilk rəsmi reaksiya gəlib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Qazaxıstan parlamentinin deputatı, "Ak Jol" partiyasının lideri Azat Peruşaev bu qərarı ölkə iqtisadiyyatı üçün “ciddi zərbə” hesab etmədiyini bildirib.
Peruşaevin sözlərinə görə, tətbiq olunan yeni rüsumlar Qazaxıstan ilə ABŞ arasında olan ticarət dövriyyəsinin 10%-dən az hissəsinə aiddir. Üstəlik, bu tariflər ölkənin əsas ixrac sahələri - metallar, ərintilər, uran və digər strateji məhsulları əhatə etmir.
“Yeni rüsumlar Qazaxıstan iqtisadiyyatı üçün ani və ciddi zərbə olmayacaq”, - deyə deputat “Gazeta.ru”ya müsahibəsində qeyd edib.
Deputat Peruşaev ABŞ-nin bu addımını Prezident Trampın qlobal ticarət balansını yenidən formalaşdırmaq cəhdi kimi dəyərləndirib. Onun sözlərinə görə, bu siyasət təkcə rəqib ölkələrə deyil, Kanada və Avropa İttifaqı kimi ABŞ-nin yaxın müttəfiqlərinə qarşı da yönəlib.
Maraqlı məqamlardan biri də odur ki, Peruşaev Qazaxıstana qarşı bu münasibəti ABŞ-nin ölkəni öz potensial müttəfiqi kimi qiymətləndirməsinin göstəricisi kimi qiymətləndirib.
“Əgər ABŞ bu cür sərt rüsumları Yaponiyaya və Cənubi Koreyaya tətbiq edirsə, Qazaxıstana da bu münasibət eyni yanaşmanın təzahürü ola bilər. Bu isə bizim üçün bəlkə də, pozitiv siqnaldır”, – deyə o bildirib.
Nuriyyə NATİQQIZI