Türkiyənin 3 vilayətində meşə yanğınları davam EDİR

 21:29 08.07.2025     107

Türkiyənin Balıkesir, Uşak və Manisa vilayətlərində meşəlikmərazilərdə baş verən yanğınlara qarşı havadan və qurudan müdaxilə davam edir.

Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir. 

Balıkesirin Sındırgı rayonunda, Kürendere məhəlləsi yaxınlığında başlayan meşə yanınına 4 helikopter, 4 təyyarə və 15 su tankeri cəlb olunub. Yanğınsöndürmə qrupları alovların yayılmasının qarşısını almağa çalışır.

Uşakın Banaz rayonunda da Kızılhisar kəndi yaxınlığında meşə sahəsində yanğın başlayıb. Əraziyə helikopter və su tankerləri göndərilib, müdaxilə davam edir.

Manisanın Sarıgöl rayonundakı Ziyanlar məhəlləsində başlayan yanğın Uşakın Eşme rayonuna qədər yayılıb. Burada da təyyarələr, helikopterlər və yanğınsöndürmə qrupları ilə söndürmə işləri aparılır.

Qeyd edək ki, son günlərdə Türkiyədə artan temperatur və güclü küləklər səbəbindən meşə yanğınlarında ciddi artım müşahidə olunur. Yanğınların yaşayış məntəqələrinə çatmaması üçün ərazidə genişmiqyaslı tədbirlər görülür.

Kənan YUSİF